Banklarda əməliyyat riski : reporting risk
Sistem işləyir, məlumat yığılır, hesabat hazırlanır. Kağız üzərində hər şey qaydasındadır. Amma eyni göstərici iki fərqli hesabatda fərqli çıxır. Birində artım görünür, digərində azalma. İdarəetmə qərarı isə bu rəqəmlərin üzərində qurulur.
Bu risk çox vaxt texniki səhvdən yox, məlumatın necə toplanması və təqdim olunmasından yaranır. Eyni anlayış müxtəlif sistemlərdə fərqli təriflərlə işlədilir. Filtrlər fərqli qurulur, tarix intervalı düzgün seçilmir, bəzi məlumatlar manual əlavə olunur. Nəticədə hamı doğru hesab etdiyini təqdim edir, amma ümumi şəkil yanlış olur.
Real bir vəziyyət: ay sonu kredit portfeli üzrə hesabat hazırlanır. Risk tərəfi gecikməni yalnız əsas borc üzrə hesablayır. Maliyyə tərəfi isə gecikməyə faizləri də daxil edir. İki hesabatda NPL göstəricisi fərqli çıxır. İdarəetmə iclasında sual yaranır: “Hansına inanmalı?” Vaxt gedir, izahlar uzanır, qərar gecikir.
Başqa bir hal: bir sistemdə kredit “aktiv” kimi görünür, amma digər sistemdə artıq bağlanıb. Hesabatda portfel şişmiş çıxır. Bu fərq əvvəl kiçik görünür, amma aylarla yığılanda ciddi uyğunsuzluq yaradır.
Bu riski idarə etmək üçün əvvəlcə “rəqəm haradan gəlir” sualına dəqiq cavab olmalıdır. Hər hesabat üçün vahid təriflər tətbiq olunmalı, məlumat mənbəyi sabit seçilməli və manual müdaxilələr minimuma endirilməlidir. Hesabatlar arasında uzlaşma yoxlanışı adi prosedur kimi yox, məcburi addım kimi işləməlidir.
Ən vacib məqam isə budur: hesabat yalnız rəqəm deyil, qərar alətidir. Əgər həmin rəqəm düzgün deyilsə, ən yaxşı strategiya belə səhv istiqamətə gedə bilər.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun