Ssenari analizində Quyruq riski və Qara Qu quşu paradoksu.
Bütün qu quşlarının bəyaz olduğuna inanmağımız, sadəcə qara qu quşu ilə hələ qarşılaşmadığımız üçündür. Bu gün maliyyə dünyasında riyazi fərziyyələri alt-üst edən o görünməz təhlükə haqqında danışacam:
Ssenari analizində Quyruq riski və Qara Qu quşu paradoksu.
Risk idarəetməsində ən çox edilən fundamental səhv, gələcək hadisələrin və bazar şoklarının Gauss qanununa, yəni normal paylanma əyrisinə tabe olduğunu fərz etməkdir. Bu modelə görə, ekstremal fəlakətlərin baş vermə ehtimalı sıfıra yaxındır. Lakin real maliyyə dünyası normal deyil, onun Ağır Quyruqları (Fat Tails) var. Riyazi dildə desək, quyruq riski (Tail Risk) bizim modellərdə 3 və ya 4 siqma kənarda qalan, amma reallaşdıqda bütün sistemi bir gündə silib aparan hadisələrdir. Nəsim Talebin məşhur ifadəsi ilə desək, bunlar Qara Qu quşlarıdır.
Bunu real korporativ və portfel riskləri üzərindən analiz edək. Bir çox risk mühərriki keçmiş 5 və ya 10 illik tarixi dataya əsaslanaraq Value at Risk (VaR) hesablayır. Məsələn, model deyir ki, 99 faiz əminliklə bizim günlük maksimum zərərimiz və ya itkimiz X məbləğindən çox olmayacaq. Bəs yerdə qalan 1 faizlik o qaranlıq zonada nə baş verir? Quyruq riski məhz həmin 1 faizin içində gizlənir. Əgər bazar tənəzzülü zamanı aktivlərin korrelyasiyası qəfil dəyişirsə, ənənəvi VaR modeli tamamilə iflas edir. Çünki o, quyruqdakı zərərin miqyasını ölçə bilmir, sadəcə ehtimalını deyir.
Bu analitik tələdən qurtulmaq üçün riyazi mühərriklərdə Value at Risk modelindən Expected Shortfall (ES) modelinə keçid mütləqdir. Expected Shortfall bizə sadəcə limitin keçilmə ehtimalını demir, o limiti keçdikdən sonra qarşılaşacağımız zərərin riyazi gözləntisini, yəni orta dəyərini hesablayır:
Expected Shortfall = E(Zərər | Zərər > VaR)
Yəni, fəlakət baş verdiyi ssenaridə bizi gözləyən real itkinin həcmi bu düsturla ortaya çıxır. Bu zaman model keçmişin sakit dövrlərinə deyil, quyruqdakı anomaliyalara fokuslanır və alqoritmin kor nöqtələrini təmizləyir.
Klişe hesabatlardan uzaqlaşmaq və real risk mədəniyyəti qurmaq üçün üç addım vacibdir:
Stress-test ssenariləri qurularkən tarixi datada heç vaxt baş verməmiş, amma baş vermə ehtimalı olan hipotetik şoklar modelə daxil edilməlidir. Keçmiş, gələcəyin yeganə müəllimi ola bilməz.
Portfel müxtəlifliyi (diversifikasiya) təhlil edilərək, normal vaxtda bir-biri ilə əlaqəsiz görünən aktivlərin böhran anında eyni istiqamətə hərəkət etmə riski (tail dependence) mütləq ölçülməlidir.
Risk hesabatlarında rəhbərliyə yalnız 99 faizlik təhlükəsiz zonalar deyil, o yerdə qalan 1 faizlik fəlakət ssenarisində kapitalın nə qədər dözə biləcəyi açıq şəkildə göstərilməlidir.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun