Risk analitikasında Lukas Kritikası.

Risk analitikasında Lukas Kritikası.

Biz sönmüş ocağın külünə baxıb, növbəti qığılcımın haradan sıçrayacağını görmək istəyirik. Bu gün risk menecmentində və strateji qərarlarda ən çox edilən fundamental metodoloji səhvdən, yəni rəqəmlərin arxasında gizlənən insan zəkasının riyazi modelləri necə alt-üst etməsindən danışacağıq:

Risk idarəetməsində və makroiqtisadiyyatda ən böyük illüziya, keçmiş datadan alınan parametrlərin gələcəkdə də sabit qalacağına inanmaqdır. Nobel mükafatçısı Robert Lukas sübut etdi ki, iqtisadi siyasət və ya daxili risk qaydaları dəyişdiyi an, insanların (və ya müştərilərin) gözləntiləri və davranış strukturu da dərhal dəyişir. Yəni, müştəri keçmiş siyasətin şərtlərinə görə hərəkət edirdi; sən qaydanı dəyişən an o, yeni bir strateji oyunçuya çevrilir. Nəticədə, sənin keçmiş sakit dövrün datası ilə qurduğun o "mükəmməl" model qəfil iflas edir.
Bunu bankçılıq və kredit riskləri üzərindən canlı bir nümunə ilə izah edək. Təsəvvür edin ki, əlinizdə son 5 ilin datası var və bu data əsasında pərakəndə kreditlər üçün möhtəşəm bir skorinq modeli qurmusunuz. Model keçmiş faiz dərəcələrinə və bazar şərtlərinə görə müştərinin defolt ehtimalını (PD) çox dəqiq ölçür. Rəhbərlik qərar verir ki, aqressiv böyümək üçün faiz dərəcələri kəskin aşağı salınsın və portfel genişləndirilsin.
Tam bu an Lukas Kritikası işə düşür: Faizlər düşən kimi bazara tamamilə fərqli düşüncəyə və risk profilinə malik yeni bir müştəri kütləsi axışır. Sənin o 5 illik dataya güvənən skorinq modelin isə daxil olan bu yeni müştəri tipini tanımır. Çünki model qayda dəyişməzdən əvvəlki fərqli insan davranışını ölçürdü. Sistem yeni reallıqda tamamilə kor nöqtəyə düşür, defoltlar artır və keçmiş hesabatlar dəyərsizləşir.
Riyazi və analitik olaraq bu tələni sadə funksional asılılıqla ifadə edə bilərik:

Y = f(X, θ(p))

Burada Y müştərinin yekun davranışı (məsələn, krediti qaytarma ehtimalı), X cari makro rəqəmlər, θ (theta) isə müştərinin daxili davranış parametridir. Əsas məqam θ(p) hissəsidir – yəni müştərinin davranışı birbaşa sənin tətbiq etdiyin "p" siyasətindən (tarif, faiz, limit) asılıdır. Sən "p" parametrini dəyişən kimi, θ funksiyası struktur olaraq dəyişir. Keçmiş datadan tapdığın o köhnə sabit parametrlər avtomatik olaraq qüvvədən düşür.
Lukas Kritikasının qurbanı olmamaq və model tələsinə düşməmək üçün risk idarəetməsində bu yanaşmalar şərtdir:
Struktur Modellər: Risk mühərrikləri yalnız ekonometrik dataya deyil, müştərinin dəyişən şərtlərə necə reaksiya verəcəyini simulyasiya edən mikro-səviyyəli "Mikro-foundations" analizlərinə əsaslanmalıdır.
Dinamik Stress-Testlər: Siyasət dəyişikliyi edilməzdən əvvəl, "Bu tarif dəyişsə, müştərinin daxili motivasiyası necə dəyişəcək?" sualı Oyun Nəzəriyyəsi (Game Theory) prinsipləri ilə modelləşdirilməlidir.
Adaptiv Skorizasiya: Modellər keçmişin statik abidəsi olmamalı, daxil olan anlıq müştəri reaksiyalarına görə öz parametrlərini yeniləyən dinamik alqoritmlərlə işləməlidir.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!

Şərh yazmaq üçün daxil olun