“Şok edici korrupsiya”: Trump-ın İran paylaşımından əvvəl treyderlər iri həcmli əməliyyatlar həyata keçirildi.
Trump paylaşımından əvvəl bazarda şübhəli əməliyyatlar: milyonlar qazanan treyderlər kimdir?
ABŞ prezidenti Donald Trump-ın İranla bağlı gözlənilməz açıqlamasından bir neçə dəqiqə əvvəl bazarda böyük həcmli və diqqətçəkən əməliyyatlar həyata keçirilib. Bu əməliyyatlar nəticəsində bəzi treyderlər həm fond bazarındakı yüksəlişdən, həm də neft qiymətlərindəki kəskin enişdən ciddi qazanc əldə ediblər.
Financial Times-ın məlumatına görə, bazarın açılışına yaxın, cəmi bir dəqiqə ərzində təxminən 6,200 Brent və WTI neft fyuçers kontraktı satılıb. Bu əməliyyatların ümumi dəyəri təxminən 580 milyon dollar olub və Trump-ın İranla bağlı paylaşımından təxminən 15 dəqiqə əvvəl baş verib.
Eyni vaxtda S&P 500 fyuçerslərində də kəskin aktivlik müşahidə olunub. Analitiklər bildirir ki, bu cür sinxron hərəkətlər bazarda təsadüfi sayılmır.
Böyük hedge fondlarından birində çalışan anonim treyder qeyd edib ki, belə həcmli əməliyyatlar bu cür sakit bir gündə “qeyri-adi” görünür. Onun sözlərinə görə, bazarda heç bir mühüm makro hadisə və ya risk faktoru olmadığı halda belə iri mərcələrin qoyulması şübhə doğurur.
BBC-nin məlumatları da göstərir ki, treyderlər Trump-ın açıqlamasından dəqiqələr əvvəl yüz milyonlarla dollarlıq mövqelər açıb.
İran rəsmiləri isə ABŞ-la hər hansı danışıqların aparıldığını təkzib edərək bu açıqlamaları bazar manipulyasiyası kimi qiymətləndiriblər.
Bu hadisə ABŞ daxilində də ciddi reaksiyalara səbəb olub. Senator Chris Murphy məsələ ilə bağlı sərt suallar səsləndirib:
“Bu kim idi? Trump? Ailə üzvü? Yoxsa Ağ Ev əməkdaşı?”
O, baş verənləri açıq şəkildə “korrupsiya” adlandırıb.
Ekspertlər bildirir ki, bu cür əməliyyatlar daxili məlumatlardan istifadə ehtimalını gücləndirir. Bəzi hallarda isə treyderlərin mövqeləri müxtəlif hesablar arasında bölərək kimliklərini gizlətməyə çalışdığı da qeyd olunur.
Bununla bağlı yeni qanun layihəsi də irəli sürülüb. Layihəyə əsasən, müharibə, terror və hökumət qərarları kimi nəticəsi əvvəlcədən bilinə bilən hadisələr üzrə bazar mərcələrinin qadağan olunması təklif edilir.
Ağ Ev isə iddiaları rədd edərək bildirib ki, administrasiya daxilində heç bir şəxsin daxili məlumatlardan istifadə edərək qanunsuz qazanc əldə etməsinə yol verilmir.
Hadisə bazarlarda şəffaflıq və daxili məlumatların istifadəsi ilə bağlı müzakirələri daha da gücləndirib.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun