Dünya iqtisadiyyatında yeni təhlükə: “zombi şirkətlər” artır
Uzun illər aşağı faiz və ucuz kreditlə işləyən qlobal iqtisadiyyat indi fərqli mərhələyə daxil olur. Xüsusilə pandemiyadan sonra yaranan likvidlik bolluğu minlərlə zəif şirkətin bazarda qalmasına imkan yaratmışdı. Amma yüksək faiz dövrü başladıqca iqtisadçılar yeni risk barədə daha çox danışmağa başlayıb: “zombi şirkətlər”.
“Zombi şirkət” termini əsas fəaliyyətindən kifayət qədər qazanc əldə etməyən, amma davamlı borclanma hesabına fəaliyyətini sürdürən bizneslər üçün istifadə olunur. Yəni şirkət texniki olaraq yaşayır, amma normal bazar şərtlərində uzunmüddətli dayanıqlı sayılmır.
Bu model xüsusilə 2010–2021 dövründə geniş yayıldı. ABŞ, Avropa və Asiyada mərkəzi bankların uzun müddət aşağı faiz siyasəti aparması şirkətlərə çox ucuz maliyyələşmə imkanı yaratdı. Bir çox biznes real effektivliyini artırmadan sadəcə yeni borcla köhnə borcunu çevirməyə başladı.
BIS və OECD hesabatlarına görə, inkişaf etmiş iqtisadiyyatlarda “zombi şirkətlərin” payı son 20 ildə nəzərəçarpacaq şəkildə artıb. Xüsusilə ucuz pul dövründə zəif biznes modelləri bazardan təbii şəkildə çıxmaq əvəzinə, aşağı faiz hesabına fəaliyyətini davam etdirə bildi.
İndi isə əsas risk debt rollover mərhələsində yaranır. 2020–2021 dövründə aşağı faizlə borclanan şirkətlərin böyük hissəsinin öhdəlikləri qarşıdakı illərdə yenidən maliyyələşdirilməlidir. Problem ondadır ki, yeni faiz mühiti əvvəlki illərlə müqayisədə xeyli bahadır.
Məsələn, əvvəllər 1–2% ilə borclanan şirkətlər indi 6–8% və daha yüksək maliyyətlə refinans etməli olur. Bu isə xüsusilə aşağı marjalı və zəif cash flow-u olan şirkətlər üçün ciddi təzyiq yaradır.
Moody’s və S&P kimi agentliklər son illərdə korporativ default riskləri ilə bağlı xəbərdarlıqları artırıb. Xüsusilə kommersiya daşınmaz əmlakı, zəif texnologiya biznesləri və yüksək leverage-li sektorlar daha riskli hesab olunur.
Bu vəziyyət bank sektoru üçün də vacib risk yaradır. Çünki uzun müddət aşağı faiz mühitində verilən kreditlərin keyfiyyəti yüksək faiz dövründə test olunmağa başlayır. NPL risklərinin yüksəlməsi ehtimalı da məhz buradan qaynaqlanır.
Ekspertlər hesab edir ki, qarşıdakı illərdə bazar daha sərt seleksiya mərhələsinə keçə bilər. Yəni ucuz pul dövründə süni şəkildə yaşayan şirkətlərin bir hissəsi bazardan çıxmağa başlayacaq. Bu proses qısa müddətdə iqtisadi ağrı yaratsa da, uzun müddətdə məhsuldarlıq və kapital effektivliyi baxımından sistemin sağlamlaşmasına səbəb ola bilər.
2026-cı ilin əsas iqtisadi risklərindən biri də budur: yüksək faiz dövrü qlobal iqtisadiyyatda hansı şirkətlərin həqiqətən dayanıqlı olduğunu ortaya çıxarmağa başlayır.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun