Dünya iqtisadiyyatında yeni balans: istehsal yenidən Qərbə qayıdır?
Son onilliklərdə qlobal iqtisadiyyatın əsas modeli sadə idi: istehsal daha ucuz əmək və aşağı xərclər səbəbilə Asiyaya yönəlirdi. Xüsusilə Çin dünyanın əsas istehsal mərkəzinə çevrilmişdi. Amma 2026-cı ildə bu model əvvəlki qədər sabit görünmür.
Son illərdə ABŞ və Avropada “reshoring” və “friendshoring” anlayışları iqtisadi siyasətin əsas mövzularından birinə çevrilib.
Pandemiya dövründə yaranan təchizat zənciri problemləri bu dəyişimin əsas dönüş nöqtəsi oldu. Limanların bağlanması, logistika böhranı və istehsal gecikmələri bir çox ölkəyə göstərdi ki, kritik istehsalın tam şəkildə xaricə ötürülməsi strateji risk yaradır. Xüsusilə yarımkeçiricilər, enerji texnologiyaları və dərman sənayesində yaranan problemlər Qərb ölkələrinin sənaye siyasətini yenidən formalaşdırmağa başladı.
Rəsmi statistikalar da bunu təsdiqləyir. ABŞ-də son illərdə istehsal investisiyalarında ciddi artım müşahidə olunur. CHIPS Act və Inflation Reduction Act kimi proqramlar vasitəsilə yüz milyardlarla dollarlıq subsidiyalar ayrılıb. Məqsəd yarımkeçiricilər, batareya texnologiyaları və strateji sənaye sahələrini yenidən ölkə daxilində inkişaf etdirməkdir.
Avropa İttifaqı da oxşar istiqamətdə addımlar atır. Xüsusilə enerji böhranından sonra sənaye təhlükəsizliyi və təchizat zəncirinin dayanıqlılığı prioritetə çevrilib. Almaniya, Fransa və digər ölkələr kritik istehsalın bir hissəsini region daxilində saxlamağa çalışır.
Amma proses düşündüyü qədər sadə deyil. Çünki Çin hələ də qlobal istehsal ekosisteminin mərkəzində qalır. İnfrastruktur, logistika şəbəkəsi və istehsal sürəti baxımından bir çox ölkə eyni effektivliyi qısa müddətdə yarada bilmir. Bu səbəbdən şirkətlərin böyük hissəsi tam çıxış yox, istehsalı diversifikasiya etməyə çalışır.
Məsələn, son illərdə “China+1” strategiyası daha çox yayılıb. Şirkətlər istehsalın bir hissəsini Vyetnam, Hindistan, Meksika və digər ölkələrə yönəldir. Məqsəd tam asılılığı azaltmaq və supply chain risklərini bölməkdir.
Digər vacib dəyişiklik sənaye siyasətinin geri dönüşüdür. Uzun illər sərbəst bazar iqtisadiyyatında dövlətin sənayeyə müdaxiləsi minimum səviyyədə saxlanılırdı. İndi isə iri dövlətlər strateji sahələrdə subsidiyalar, vergi güzəştləri və dövlət investisiyaları ilə birbaşa rəqabət aparır.
Ekspertlərin fikrincə, dünya iqtisadiyyatı artıq “ən ucuz istehsal haradadır?” modelindən “ən təhlükəsiz və dayanıqlı istehsal haradadır?” modelinə keçir. Bu isə yaxın illərdə qlobal ticarət xəritəsini ciddi şəkildə dəyişə bilər.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun