Şirkətlər niyə artıq təcrübəsiz işçi götürmək istəmir? Əmək bazarında “junior böhranı” yaranır.

Şirkətlər niyə artıq təcrübəsiz işçi götürmək istəmir? Əmək bazarında “junior böhranı” yaranır.

Bir neçə il əvvələ qədər şirkətlər üçün “junior” işçilər gələcəyin investisiyası hesab olunurdu. Yeni məzunlar işə götürülür, illərlə yetişdirilir və zamanla şirkətin əsas heyətinə çevrilirdi. İndi isə əmək bazarında fərqli mənzərə yaranıb. Xüsusilə texnologiya, marketinq, maliyyə və media sektorlarında şirkətlər əvvəlki qədər təcrübəsiz əməkdaş axtarmır.

Son statistikalar dəyişimin nə qədər sürətli olduğunu göstərir. Dünya İqtisadi Forumunun paylaşdığı məlumatlara görə, ABŞ-da entry level vakansiyalar son 18 ayda təxminən 35% azalıb və əsas səbəblərdən biri AI alətlərinin rutin işləri avtomatlaşdırmasıdır.

Stanford araşdırmalarına əsasən isə AI təsirinə açıq sahələrdə junior vakansiyalar son 3 ildə 13% geriləyib. Ən çox təsirlənən sahələr proqramlaşdırma, customer support və ilkin data analizi kimi vəzifələrdir.

Ən böyük fərq isə AI öncəsi dövrlə müqayisədə görünür. 2015–2020 dövründə şirkətlər təcrübəsiz işçiləri əsasən təkrarlanan və texniki olaraq sadə işlər üçün işə götürürdü. Kodun ilkin hissəsini yazmaq, hesabat hazırlamaq, araşdırma etmək və basic analizlər aparmaq junior əməkdaşların əsas işi idi. İndi isə həmin tapşırıqların böyük hissəsini ChatGPT, Copilot və digər AI sistemləri bir neçə dəqiqəyə yerinə yetirir.

Resume.org-un 2026 sorğusuna görə, şirkətlərin 21%-i artıq AI səbəbilə entry level işçi qəbulunu dayandırıb. Sorğuda iştirak edən şirkətlərin 36%-i isə ilin sonuna qədər junior hiring-i daha da azaltmağı planlaşdırdıqlarını bildirib.

Digər maraqlı dəyişiklik isə tələblərdə görünür. Əvvəllər “öyrənməyə açıq olmaq” kifayət edirdisə, indi şirkətlər junior əməkdaşdan ilk gündən nəticə gözləyir. Reddit və developer forumlarında paylaşılan real təcrübələrdə də bu hiss olunur: “entry level” vakansiyalar artıq 2–3 il təcrübə, AI alətləri biliyi və bir neçə skill tələb edir.

Bunun fonunda əmək bazarında yeni model yaranır. Şirkətlər az sayda junior götürür, amma onlardan daha yüksək məhsuldarlıq gözləyir. Çünki AI bir nəfərin iş gücünü əvvəlki illərlə müqayisədə xeyli artırır. Bəzi hesabatlarda AI istifadə edən əməkdaşların məhsuldarlığının 20–60% artdığı qeyd olunur.

Amma ekspertlər bunun uzunmüddətli risk yaratdığını düşünür. Əgər şirkətlər yeni nəsli yetişdirməsə, gələcəkdə orta və senior səviyyədə ciddi kadr boşluğu yarana bilər. IBM-in araşdırmasına görə, artıq bəzi CEO-lar entry level hiring-in tam yox olmasının şirkətlər üçün təhlükəli olduğunu qəbul etməyə başlayıb.

2026 əmək bazarının əsas paradoksu da budur: AI işləri sürətləndirir, amma eyni zamanda karyeraya başlamağı əvvəlki illərlə müqayisədə daha çətin edir.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!

Şərh yazmaq üçün daxil olun