İstisnalar necə riskə çevrilir? Banklarda əməliyyat riski baxışı.
Qaydalar yazılır, limitlər təyin olunur, proseslər qurulur. Amma real iş həyatında mənzərə çox vaxt belə olur:
“Bu müştəri fərqlidir, gəlin istisna edək.”
“Bu dəfə sistemdə alınmadı, kənardan həll edək.”
“Bu əməliyyatı standartdan kənar keçirək.”
Hər şey kiçik bir "istisna" kimi başlayır. Problem ondadır ki, idarə olunmayan istisnalar zamanla qaydaya çevrilir.
Risk haradan yaranır?
- İstisnaların qeydiyyata alınmaması
- Təsdiq mexanizminin zəif olması
- Eyni tipli istisnaların mütəmadi təkrarlanması
- İstisnaların köklü səbəblərinin analiz edilməməsi
Praktikada nə baş verir?
-"İstisna" adı altında limitdən artıq kredit verilir.
- Sənədlər tamamlanmadan əməliyyat icra olunur.
- Sistem yoxlamaları (bypass) yan keçilir.
- Müştəriyə xüsusi şərtlər tətbiq edilir, lakin sənədləşdirilmir.
Bir müddət sonra bu hallar kütləviləşir və bir də ayılırsınız ki, sistemi standart proseslər yox, istisnalar idarə edir. Ən təhlükəlisi isə budur: artıq heç kim bunu risk kimi qəbul etmir.
Bu riski necə nəzarətdə saxlamalı?
- İstisnalar üçün ayrıca qeydiyyat sistemi: Hər bir hal görünən olmalı, “şifahi razılaşma”lara yol verilməməlidir.
- Təsdiq iyerarxiyası: Hər bir istisnanın kim tərəfindən təsdiqləndiyi dəqiq bilinməlidir.
- Təkrar analizi: Əgər eyni istisna tez-tez təkrarlanırsa, bu artıq istisna deyil, prosesin özündəki boşluqdur.
- Limit və say nəzarəti: Hər bir əməkdaş və ya struktur bölmə üzrə istisnaların sayı izlənilməlidir.
İstisna tətbiq etmək prosesi çıxılmaz vəziyyətdən xilas edə bilər, lakin nəzarətsiz qaldıqda həmin prosesi məhv edir.
Əziz əməliyyat və risk mütəxəssisləri, istisna vermək asandır, onu idarə etmək isə sistemli yanaşma tələb edir. Əks halda, qaydalar kağız üzərində qalacaq, iş isə tamamilə nizamsız istisnaların üzərində qurulacaq.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun