100 Manatın Alıcılıq Gücü Son 5 İldə Necə Dəyişib? (Statistik araşdırma)
100 Manatın Alıcılıq Gücü Son 5 İldə Necə Dəyişib?
Pulun nominal miqdarı eyni qalsa da, onun arxasında duran real dəyər sabit deyil. 2020-ci ilin sonunda əlinizdə olan 100 manat ilə hansı məhsul səbətini ala bilirdinizsə, 2025-ci ilin sonunda həmin səbət üçün artıq xeyli çox pul lazımdır. Bu fərqin ölçüsünü Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksi (İQİ) məlumatları əsasında dəqiq hesablamaq mümkündür.
Hesablamanın əsasında duran indeks 2010-cu il baza götürülməklə qurulub. 2020-ci ilin dekabrında Azərbaycanda ümumi istehlak qiymətləri indeksi 162,87 bəndə, 2025-ci ilin dekabrında isə 235,17 bəndə çatıb. Bu o deməkdir ki, beş il ərzində qiymətlər ümumilikdə 44,39 faiz artıb. Bu göstərici qiymət səviyyəsinin beş il ərzində kumulyativ dəyişməsini əks etdirir və illik inflyasiya göstəricilərinin sadə cəmi deyil, hər il əvvəlki ilin nəticəsi üzərinə əlavə olunan mürəkkəb artımdır.
Bu artımın real mənasını başa düşmək üçün sadə bir düstur işlədilir:
Real alıcılıq gücü = 100 × (Baza İndeks / Cari İndeks)
Rəqəmləri yerinə qoysaq:
Real alıcılıq gücü = 100 × (162,87 / 235,17) = 69,26 manat
2020-ci ilin sonundakı 100 manatın alıcılıq gücü 2025-ci ilin sonunda təxminən 69,26 manata bərabər olmuşdur. Başqa sözlə, real alıcılıq qabiliyyəti 30,74 faiz azalmışdır.
Məsələyə əks tərəfdən də baxmaq olar: 2020-ci ildə 100 manata alına bilən eyni səbəti indi almaq üçün neçə manat lazımdır?
Lazımi məbləğ = 100 × (Cari İndeks / Baza İndeks)
Lazımi məbləğ = 100 × (235,17 / 162,87) = 144,39 manat
Beş il əvvəl 100 manata alınan mal və xidmət indi 144,39 manata başa gəlir, əvəzində beş il əvvəlki 100 manatın bugünkü real dəyəri isə cəmi 69,26 manatdır.
Bu proses ilbəil fərqli sürətlə inkişaf edib. 2020-ci ildə illik inflyasiya 2,8 faiz səviyyəsində sakit idi. 2021-ci ildə 6,7 faizə yüksəldi, 2022-ci il isə bu beş illik dövrün pik nöqtəsi oldu, qiymətlər əvvəlki ilə nisbətən 13,9 faiz artdı. 2022-ci ildə qeydə alınan yüksək inflyasiyadan sonra qiymət artımının tempi 2023 və xüsusilə 2024-cü ildə əhəmiyyətli dərəcədə zəifləmişdir. 2025-ci ildə isə yenidən sürətlənmə müşahidə olundu və illik dəyişmə 5,6 faizə qalxdı.
Qiymət artımı bütün məhsul qruplarında eyni templə getməyib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə indeks 2020-ci ilin dekabrındakı 182,88 bənddən 2025-ci ilin dekabrında 285,25 bəndə çatıb, bu da 55,98 faizlik artım deməkdir. Nəticədə qida səbəti üzrə 100 manatın real dəyəri cəmi 64,11 manata düşüb, itki isə 35,89 faiz təşkil edib. Xidmətlər üzrə indeks 137,73 bənddən 194,50 bəndə qalxaraq 41,22 faiz artıb, real dəyər itkisi isə 29,19 faiz olub. Ən mülayim artım qeyri-qida məhsulları qrupunda müşahidə olunub, indeks 154,00 bənddən 199,95 bəndə, yəni 29,84 faiz artıb, real dəyər itkisi isə digər qruplarla müqayisədə nisbətən aşağı, 22,98 faiz səviyyəsində qalıb.
Bu rəqəmlərin arxasında duran mənzərəni gündəlik məhsullarla ölçmək daha aydın görünür. 2020-ci ildə 100 manatla 28,33 kiloqram düyü almaq mümkün idisə, 2025-ci ildə eyni məbləğlə cəmi 21,14 kiloqram alınır, bu 25,37 faizlik azalmadır. Sümüksüz mal əti üzrə fərq daha kəskindir: 100 manatla əvvəllər 7,98 kiloqram ət alına bilirdisə, indi bu rəqəm 5,47 kiloqrama düşüb, yəni 31,49 faiz azalma baş verib. Toyuq əti üzrə 21,93 kiloqramdan 16,37 kiloqrama, kartof üzrə 129,87 kiloqramdan 90,09 kiloqrama, şəkər üzrə isə 56,50 kiloqramdan 34,13 kiloqrama enmə qeydə alınıb, sonuncu qrupda azalma 39,59 faizə çatıb. Yanacaq bazarında da mənzərə oxşardır: 100 manatla əvvəllər 111,11 litr Aİ-92 markalı benzin almaq mümkün idisə, indi bu rəqəm 90,91 litrə düşüb.
Bütün məhsullar eyni templə bahalaşmayıb. Toyuq yumurtası bu qaydanın istisnasıdır: 2020-ci ildə 100 manatla təxminən 617 ədəd yumurta almaq mümkün idisə, 2025-ci ildə bu rəqəm cəmi 613 ədədə düşüb, praktiki olaraq dəyişməz qalıb.
Bütün bu rəqəmlər təbii sualı doğurur: gəlirlər bu inflyasiyanı kompensasiya edə bildimi? Dövlət Statistika Komitəsinin əməkhaqqı statistikasına görə, ölkə üzrə orta aylıq nominal əməkhaqqı 2020-ci ildə 707,7 manat, 2024-cü ildə isə 1009,4 manat təşkil edib. Bu, nominal ifadədə 42,63 faizlik artım deməkdir. Qeyd edək ki, bu bölmə 2020-2024 dövrünü əhatə edir, çünki DSK 2025-ci il üzrə hələ tam illik yekun əməkhaqqı rəqəmini açıqlamayıb.
Eyni dövrdə orta illik istehlak qiymətləri indeksi (2015=100 bazalı) 136,94 bənddən 184,89 bəndə qalxıb, yəni 35,01 faiz artıb. Nominal gəlir artımının inflyasiyanı üstələyib üstələmədiyini yoxlamaq üçün aşağıdakı düstur işlədilir:
Real əməkhaqqı artım əmsalı = Nominal artım əmsalı / CPI artım əmsalı
Rəqəmləri yerinə qoysaq:
Real əməkhaqqı artım əmsalı = 1,4263 / 1,3501 = 1,0564
Başqa sözlə, 2020-2024-cü illər arasında orta əməkhaqqının real alıcılıq gücü 5,64 faiz artıb. Bunu daha konkret ifadə etsək, 2024-cü ildəki 1009,4 manatlıq orta əməkhaqqı, 2020-ci ilin qiymətləri ilə hesablansa, 747,64 manata bərabərdir, bu da 2020-ci ilin faktiki 707,7 manatlıq orta əməkhaqqından yüksəkdir. Qeyd etmək lazımdır ki, bu hesablamalar orta əməkhaqqına əsaslanır və müxtəlif gəlir qruplarının inflyasiyanı fərqli hiss etməsini nəzərə almır, orta göstərici gəlir bölgüsündəki bərabərsizliyi əks etdirmir.
Bu nəticə əvvəlki bölmələrdə göstərilən mənzərəni tamamlayır. Qiymətlər sürətlə artsa da, orta əməkhaqqının nominal artımı bu dövrdə inflyasiyanı üstələyə bilib, baxmayaraq ki fərq böyük deyil. Xüsusilə gəlirin böyük hissəsini qida məhsullarına xərcləyən ailələr üçün, qida qrupunda müşahidə olunan 55,98 faizlik qiymət artımı fonunda, real vəziyyət orta göstəricidən daha çətin ola bilər.
İnflyasiya sadəcə qiymətlərin artması deyil, həm də pulun zamanla real alıcılıq qabiliyyətinin azalması deməkdir. Bu səbəbdən gəlirlərin nominal artımı təkbaşına rifahın yüksəlməsini göstərmir. Başqa sözlə, iqtisadi rifahı qiymətləndirərkən pulun nominal məbləğindən daha çox onun real alıcılıq qabiliyyətinə diqqət yetirilməlidir, çünki eyni məbləğ müxtəlif illərdə eyni iqtisadi dəyəri ifadə etmir.
Qeyd: Hesablamalar DSK-nın dərc etdiyi istehlak qiymətləri indeksləri və əməkhaqqı statistikası əsasında müəllif tərəfindən aparılmışdır.
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, istehlak qiymətləri indeksi, istehlak məhsullarının orta illik qiymətləri və orta aylıq nominal əməkhaqqı barədə statistik məlumatlar.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun