Stage 2 "ping-pong" effekti: SICR həddi niyə kalibrasiya tələb edir?
IFRS 9-un üç mərhələli modelində ən həssas qərar kreditin Mərhələ 1-dən (Stage 1) Mərhələ 2-yə (Stage 2) keçirilməsidir. Bu keçid baş verən kimi kredit üzrə ehtiyat 12 aylıq gözlənilən kredit zərərindən (ECL) kreditin bütün müddəti üzrə hesablanan Ömürlük ECL-ə (Lifetime ECL) keçir və uzunmüddətli kreditlərdə bu fərq bir neçə dəfəyə çata bilər. Lakin standart kredit riskinin əhəmiyyətli artımını (SICR - Significant Increase in Credit Risk) prinsiplər əsasında müəyyən edir və konkret rəqəmsal hədd vermir. Bu boşluğu hər bank öz metodologiyası ilə doldurmalıdır və problemin kökü məhz buradadır.
Müştərinin kredit keyfiyyətində əhəmiyyətli dəyişiklik olmadığı halda, defolt ehtimalında (PD) və ya digər qiymətləndirmə göstəricilərindəki kiçik dalğalanmalar kreditin mərhələlər arasında təkrar keçidinə səbəb ola bilər. Bir rüb Mərhələ 2, növbəti rüb Mərhələ 1, sonra yenidən Mərhələ 2. Məsələn, 5 illik istehlak krediti üzrə 12 aylıq ECL 100 manat, Ömürlük ECL isə 350 manatdırsa, digər amillər dəyişmədikdə hər keçid ehtiyatı 250 manat artırır və ya azaldır. Risk həqiqətən əhəmiyyətli artıbsa, bu artım standartın tələbidir. Problem isə ehtiyat dəyişikliklərinin bir hissəsinin real risk dəyişikliyindən deyil, təsnifatın qeyri-sabitliyindən yaranmasıdır. Tutaq ki, portfelin 10-15 faizi həddə yaxın zonada yerləşir; bu halda belə qeyri-sabitlik bankın rüblük mənfəətini ciddi şəkildə təhrif edə bilər.
Ping-pong effektinin üç əsas səbəbi var: davranış skorinq modellərinin nəticələrində təbii olaraq yaranan təsadüfi dəyişmələr, gələcəyə yönümlü makroiqtisadi məlumatların (FLI) və ssenari çəkilərinin rübdən rübə yenilənməsi, həmçinin həddin kreditlərin ən çox cəmləşdiyi PD intervalında müəyyən edilməsi. Bu səbəbdən SICR həddinin kalibrasiyası praktikada üç istiqamətdə aparılır:
Nisbi və Mütləq Həddin Birlikdə Tətbiqi:
Standart hesabat tarixində kreditin gözlənilən müddəti üzrə defolt riskinin ilkin tanınma tarixində həmin kredit üçün qiymətləndirilmiş defolt riski ilə müqayisə edilməsini tələb edir. Yalnız nisbi həddin tətbiqi aşağı PD-li kreditlərdə yanlış siqnal yaradır: PD-nin 0,1 faizdən 0,3 faizə qalxması üç dəfəlik artım olsa da, iqtisadi baxımdan əhəmiyyətsizdir. Yalnız mütləq həddin tətbiqi isə ilkin riski yüksək olan kreditlərdə real pisləşməni gec aşkar edir. Buna görə bir çox banklar hər iki şərti birlikdə yoxlayır:
SICR = (PD_cari / PD_ilkin ≥ k) VƏ (PD_cari - PD_ilkin ≥ Δ)
Burada PD_cari və PD_ilkin kreditin hesabat tarixində və ilkin tanınma tarixində, həmin tarixlərdəki şərait və proqnozlar nəzərə alınmaqla qiymətləndirilmiş ömürlük defolt riskini ifadə edir. Bu formul universal IFRS 9 tələbi deyil, bankın portfel xüsusiyyətlərinə və tarixi defolt davranışına uyğun kalibrasiya edə biləcəyi metodoloji yanaşmalardan biridir. Vacib texniki məqam ondan ibarətdir ki, kreditin müddəti qısaldıqca dəyişən risk profili nəzərə alınmalıdır. Əks halda kreditin yaşlanması ilə bağlı təbii dəyişiklik səhvən risk artımı kimi qəbul oluna bilər. 12 aylıq PD-nin dəyişməsi müəyyən şərtlərdə əvəzedici göstərici kimi istifadə oluna bilər, lakin onun ömürlük riskdəki dəyişikliyi nə dərəcədə əks etdirdiyi əsaslandırılmalıdır.
Giriş və Çıxış Hədlərinin Ayrılması və Sınaq Müddəti:
Ping-pong effektinə qarşı təsirli vasitələrdən biri Mərhələ 2-yə giriş və oradan çıxış üçün fərqli hədlərin müəyyən edilməsidir. Məsələn, giriş üçün nisbi hədd k = 2,5, çıxış üçün isə k = 2,0 təyin edilə və kreditin Mərhələ 1-ə qayıtması üçün PD-nin ardıcıl 3 ay ərzində çıxış həddindən aşağı qalması şərti qoyula bilər. Bu parametrlər illüstrativdir və hər bank tərəfindən öz məlumatları əsasında kalibrasiya edilməlidir. Mühəndislikdə histerezis adlanan bu yanaşma sistemi kiçik dəyişikliklərə qarşı dayanıqlı edir. Lakin IFRS 9-a əsasən, hesabat tarixində kredit riskinin ilkin tanınma tarixi ilə müqayisədə artıq əhəmiyyətli dərəcədə yüksək olmadığı müəyyən edilərsə, kredit Mərhələ 1-ə qaytarılmalıdır. Buna görə sınaq müddəti statistik olaraq əsaslandırılmalı və kredit riskinin faktiki azalmasının tanınmasını əsassız gecikdirməməlidir.
Retrospektiv Yoxlama (Backtesting) ilə Kalibrasiya:
Həddin düzgünlüyünü yoxlamağın ən obyektiv yolu tarixi məlumatlar əsasında retrospektiv yoxlamadır. Burada dörd əsas göstərici izlənilir: defolta düşən kreditlərin neçə faizinin 6-12 ay əvvəl artıq Mərhələ 2-də olduğu (aşkarlama əmsalı), Mərhələ 2-yə keçib defolt etmədən geri qayıdan kreditlərin payı (yanlış siqnal nisbəti), kreditin defoltdan əvvəl Mərhələ 2-də qaldığı orta müddət və Mərhələ 1 ilə Mərhələ 2 arasında rüblük keçidlərin səviyyəsi. Aşağı hədd riskin daha çox hissəsini aşkar edir, lakin yanlış siqnalların sayını artırır. Yüksək hədd nəticələri sabitləşdirir, amma riskin gec tanınmasına səbəb olur. Əgər Mərhələ 2-yə keçidlərin böyük hissəsi yalnız 30 günlük gecikmə meyarı ilə baş verirsə, bu, erkən xəbərdarlıq göstəricilərinin və SICR modelinin riskin pisləşməsini vaxtında müəyyən edib-etmədiyinin yenidən yoxlanmasını tələb edir. Çünki IFRS 9-da 30 günlük gecikmə təkzib edilə bilən ehtimal kimi nəzərdə tutulub və əsas erkən aşkarlama mexanizmi deyil, əlavə qoruyucu meyar rolunu oynayır.
Azərbaycan bazarı üçün əlavə bir məqam da nəzərə alınmalıdır. Kəskin makroiqtisadi şok zamanı, məsələn devalvasiya ssenarisində, portfelin böyük hissəsi eyni anda həddi keçə bilər. Belə hallarda fərdi qiymətləndirmə ilə yanaşı, oxşar risk xüsusiyyətlərinə malik kreditlər üzrə kollektiv qiymətləndirmənin və portfel səviyyəsində makroiqtisadi düzəlişlərin tətbiqi zərurəti də nəzərdən keçirilməlidir.
Nəticədə, SICR həddinin kalibrasiyasının məqsədi ehtiyatları sabit saxlamaq deyil, kredit riskinin əhəmiyyətli artımını vaxtında müəyyən etmək və təsnifatın təsadüfi dalğalanmalara həddindən artıq həssaslığını azaltmaqdır. Düzgün kalibrasiya olunmuş hədd riskin vaxtında tanınması ilə hesabatların sabitliyi arasında balans yaradır. Əsassız və həddindən artıq dəyişkən mərhələ keçidləri isə SICR metodologiyasının dayanıqlılığı, model riskinin idarə edilməsi və ehtiyatların əsaslandırılması ilə bağlı auditor və tənzimləyici suallarına səbəb ola bilər.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun