Kredit Bürosu Məlumatları Niyə Bəs Etmir? Real-Time Pul Axını İlə Yeni Skorinq Dövrü
Müasir bankçılıqda kredit riski qiymətləndirilərkən ilk müraciət olunan mənbə kredit bürolarıdır. Azərbaycan reallığında Mərkəzi Kredit Reyestri və Milli Kredit Bürosu operativ məlumat mübadiləsinə malikdir və məlumatlar cəmi 3 iş günü ərzində yenilənir. Lakin məlumatların hər 3 gündən bir yenilənməsi kredit bürosu göstəricilərinin müştərinin real kredit qabiliyyətini tam əks etdirməsi üçün kifayət etmir. Çünki əsas problem məlumatın yenilənmə sürətində deyil, onun növündə və xarakterindədir.
3 günlük yenilənmə operativliyi təmin etsə də, ənənəvi büro datasının fundamental məhdudiyyətləri var. Kredit bürosu yalnız borc öhdəliklərini və ödəniş tarixlərini göstərir. Müştərinin hesabına daxil olan pul axını, gəlirin sabitliyi və gündəlik xərcləmə vərdişləri büro üçün görünməz qalır. Digər tərəfdən, rəsmi kredit tarixçəsi olmayan müştərilər üçün 3 günlük yenilənmə heç bir üstünlük yaratmır və sistem onları avtomatik riskli sayır. Ən əsası reveals olunmayan(aşkar edilməyən) məqam likvidlik dinamikasıdır: müştəri 3 gün əvvəl borcunu vaxtında ödəmiş ola bilər, lakin bu gün hesabında sıfır balans qalıbsa və gəliri kəsilibsə, büro bunu yalnız növbəti ödəniş gecikdikdə əks etdirəcək. Qısası, kredit bürosu müştərinin keçmişdə borca münasibətini ölçür, lakin kredit keçmişlə deyil, gələcəkdəki pul axını ilə ödənilir.
Açıq Bankçılıq (Open Banking) API-lərinin tətbiqi isə banklara müştərinin razılığı ilə onun bütün hesablarındakı canlı tranzaksiya axınına çıxış verir. Bu yanaşma riski statik borc tarixçəsinə görə deyil, canlı pul axınına (Cash Flow Underwriting) görə qiymətləndirməyə imkan yaradır. Ənənəvi büro keçmiş borc intizamına fokslanarkən, Açıq Bankçılıq cari pul axınını və sərbəst qalığı analiz edir. Risk siqnalı ödəniş pozuntusu baş verəndən günlər sonra deyil, gəlir kəsildiyi və ya xərc kəskin sıçradığı an generasiya olunur.
Cash Flow Skorinq alqoritmi tranzaksiya datasını maşın öyrənməsi modelləri ilə təhlil edərkən dörd əsas göstəricini əsas götürür:
1. Gəlir Volatilliyi: Daxil olan pul vəsaitlərinin dəyişkənlik əmsalı hesablanır: CV = Standart Meyl / Orta Aylıq Gəlir. Aşağı CV gəlirin sabitliyini, yüksək CV isə dəyişkən olduğunu göstərir.
2. Sərbəst Pul Axını (Net FCF): Tranzaksiya datası əsasında məcburi xərclər təsbit edilir: Net FCF = Ümumi Daxilolma - (Məcburi Xərclər + Yaşayış Xərcləri).
3. Günlük Orta Qalıq (ADB): Müştərinin hesabında ay ərzində saxladığı likvidlik buferinin aylıq kredit öhdəliyinə nisbəti şoklara dözümlülüyü göstərir.
4. Davranış İndikatorları: Mərc, qumar, təcili kredit xətlərindən aqressiv istifadə və gəlir daxil olan kimi hesabın dərhal sıfırlanması meylləri risk kimi nəzərə alınır.
Bu model banklara kredit bürosunda balı zəif və ya boş olan, lakin sağlam pul axınına malik müştəriləri təhlükəsiz şəkildə portfelə cəlb etməyə imkan verir. Eyni zamanda, Mərkəzi Bankın DTI (Borcun Gəlirə Nisbəti) tələbləri müştərinin bəyan etdiyi deyil, tranzaksiya ilə təsdiqlənmiş real gəliri üzərindən dəqiq hesablanır.
Nəticə etibarilə, Azərbaycan bank sektorunda 3 günlük operativ kredit bürosu məlumatı mühüm baza rolunu oynamağa davam edəcək. Lakin rəqəmsal bankçılıq rəqabətinin artdığı yeni dövrdə qalib gələn tərəf ənənəvi büro datasını Açıq Bankçılığın Cash Flow Score modeli ilə birləşdirən Hibrid Skorinq arxitekturasını quran təşkilatlar olacaq.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun