Kredit bazarında dönüş nöqtəsi: banklar artıq hər biznesi maliyyələşdirmir.
2020-2021 dövründə qlobal maliyyə bazarlarında likvidlik bolluğu hökm sürürdü. Pandemiya sonrası stimullaşdırıcı siyasətlər nəticəsində faizlər tarixi minimumlara düşmüş, banklar həm korporativ, həm də pərakəndə seqmentdə kredit portfellərini sürətlə böütmüşdülər. İndi isə mənzərə dəyişib. 2026-cı ildə bank sektorunda əsas trend kredit artımının yavaşlaması və risk seçimlərinin sərtləşməsidir.
Mərkəzi bankların son illərdə apardığı sərt monetar siyasət bu prosesin əsas səbəbi sayılır. ABŞ Federal Ehtiyat Sistemi, ECB və digər böyük regulatorlar inflyasiya ilə mübarizə məqsədilə faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxladı. Nəticədə maliyyələşmənin maya dəyəri həm banklar, həm də borcalanlar üçün ciddi şəkildə artdı.
Rəsmi statistikalar da bunu göstərir. IMF və BIS məlumatlarına görə, 2021-ci ildə qlobal özəl sektor kredit artımı bəzi regionlarda illik 10–12% intervalında olduğu halda, 2025-2026 dövründə bu temp bir çox inkişaf etmiş bazarda 3-5%-ə qədər zəifləyib. Xüsusilə kommersiya kreditləşməsində bankların risk iştahası əvvəlki illərlə müqayisədə daha aşağıdır.
Digər vacib faktor NPL riskləridir. Yüksək faiz mühitində həm şirkətlərin, həm də əhalinin borc yükü artır. Xüsusilə floating rate kreditlər üzrə aylıq ödənişlərin yüksəlməsi gecikmə ehtimallarını artırır. Moody’s və S&P hesabatlarında son illərdə korporativ default risklərinin yüksəlməsi ilə bağlı xəbərdarlıqların artması da təsadüfi deyil.
Banklar buna cavab olaraq underwriting siyasətlərini sərtləşdirirlər. Əgər 2020-2021 dövründə əsas prioritet portfel böyütmək idisə, indi əsas fokus risk keyfiyyətinə keçib. Daha yüksək collateral tələbləri, DSCR və cash flow analizlərinin sərtləşməsi, həmçinin sektor üzrə daha selektiv yanaşma bunun nəticəsidir.
Corporate lending strukturunda da dəyişiklik görünür. Banklar artıq yüksək leverage-li və aşağı marjalı biznesləri əvvəlki qədər aqressiv maliyyələşdirmir. Bunun əvəzinə stabil cash flow yaradan, ixrac yönümlü və aşağı riskli sahələr prioritetləşir. Xüsusilə enerji, logistika və əsas istehlak sektorları bir çox bazarda daha “bankable” hesab olunur.
Bununla paralel olaraq alternativ maliyyələşmə modelləri böyüyür. Private credit fondları və qeyri-bank maliyyə institutları bəzi seqmentlərdə klassik bank kreditlərinin boşluğunu doldurmağa başlayır. ABŞ və Avropada private credit bazarının həcmi son illərdə rekord səviyyələrə çatıb.
2026-cı ilin əsas xüsusiyyəti odur ki, bank sektoru artıq “sürətli böyümə” dövründən “keyfiyyətli böyümə” mərhələsinə keçir. Kredit vermək hələ də əsas gəlir mənbəyidir, amma indi əsas məsələ portfeli böyütmək yox, riskləri idarə edə bilməkdir.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun